"Son illər qəbul etdiyimiz qərarlar, tutduğumuz kurs nəticəsində Azərbaycan çempionatını maksimum səviyyəyə çatdırmağa səylər, bu istiqamətdə fəaliyyət göstəririk. Mükafat fondununu artırır, şahmatçılarımızı stimullaşdırmağa çalışırıq ki, Azərbaycan çempionatını ən vacib yarışlardan biri kimi saysınlar, hörmət etsinlər, seçsinlər".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov ölkə çempionatının açılış mərasimində çıxışında deyib.
O məmnunluqla bildirib ki, şahmatçıların 99,9 faiz bu çağırışa əməl edirlər və Azərbaycan çempionatına öz gözəl münasibətlərini nümayiş etdirirlər: "Bundan sonra istəmirik ki, Azərbaycan çempionatı sıravi yarış olsun. Yadınızdadırsa, 5, 10, 15 il əvvəl Azərbaycan çempionatları həddindən artıq sönük yarışlara çevrilmişdi. Biz o günlərin qayıtmasını istəmirik. Bu çempionat xoşagələn, maraqlı formula ilə keçəcək. Bu, əsasən, olimpiya sistemi, pley-offdur. Hər kəs kiminlə oynayacağını bilir. Hamıya uğurlar arzulayıram. Qoy, ədalətli oyunlar olsun. Xahiş edirəm ki, hakimlər ədalətli oyun prinsiplərinə, xüsusən, əməl, riayət olunmasına ciddi fikir versinlər".
Məmmədov şahmata dövlət səviyyəsində göstərilən diqqətdən də danışıb: "Gənclər və İdman Nazirliyi, şəxsən nazir Fərid Qayıbova təşəkkür edirəm ki, çox gərgin iş qrafikində şahmata mütəmadi diqqət ayırmağa, yaxından iştirak etməyə vaxt tapır. Bundan əlavə, təkcə vəzifə borcu kimi yanaşdığını yox, şahmatı sevdiyini də bilirik. Şahmata münasibətinizdən həddən artıq razıyıq. Maraqlı, ədalətli çempionat olsun, gənclər öz güclərini bir daha göstərsinlər, çempionatda reytinqə baxılmasın, gərgin mübarizə, cəlbedici kombinasiyalar olsun. Yaxşı, uğurlu çempionat, uğurlu partiyalar, ədalətli oyun arzulayıram".
Qeyd edək ki, Azərbaycan çempionatı fevralın 22-dək davam edəcək. Kişilərin mübarizəsində 30, qadınlarda isə 16 şahmatçı çıxış edəcək. Yarışın mükafat fondu 92 min manatdır. Məbləğdən 62 min manatını kişilər, 30 min manatını qadınlar qazanacaq.












































































