Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Muradlı gərgin görüşdə qalib gəlib.
İki görüşün yekun nəticəsinə əsasən 1,5:0,5 hesabı ilə qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
3-cü yer uğrunda qarşılaşmada Aydın Süleymanlı Read Səmədovu ikinci görüşdə də məğlub edib. 2:0 hesablı qələbə qazanan Süleymanlı ölkə çempionatının bürünc medalçısı olub.
Qadınların yarışında Ayan Allahverdiyeva ağ fiqurlarla Ülviyyə Fətəliyevanı məğlub edib. İki görüşdən sonra hesab 1:1 olduğundan, qadınlar arasında çempion sabah tay-brekdə məlum olacaq.






















































































