"ShamkirChess 2016" superturnirinin II turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb. Sportnet.az-ın məlumatına görə, partiyadan sonra şahmatçılar oyun haqda danışıb.
Rəcəbov klassik şahmatda Məmmədovla o qədər də çox oyun keçirmədiyini bildirib: "Raufla o qədər çox oynamamışıq. 4 yaşından şahmatdayam, bəlkə də yadımda qalmayıb. Bir-birimizlə oyunların fərqini bilmirəm. Məmmədovla bu günki oyun bərabər alındı. Demək olar ki, üstünlük görsənmirdi".
Məmmədov isə klassik şahmatdan çox blits oynamağı xoşladığını deyib: "Teymur kimi şahmatçıya qarşı diqqətli oynamaq vacibdir. Debüt normal oldu. Sadəcə üstünlük əldə etmək mümkün deyildi. Rəcəbov çox diqqətli idi. Onunla o qədər çox oynamamışıq. Ümumiyyətlə klassik şahmatdan çox blits oynamağı sevirəm. Klassik şahmat 4 saat davam edir, blits isə 10 dəqiqə. Vaxt cəhətdən də rahat oynamaq olur".