Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin VI turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. Sportnet.az-ın məlumatına görə, partiyadan sonra Rəcəbov oyun haqda açıqlamasında görüş zamanı heç bir tərəfdə üstünlük olmadığını bildirib: "Ona görə də bərabərlik qaçılmaz oldu. Fikrimcə, partiyada fəallıq hiss olunmurdu".
Rəcəbov Şəmkir turnirində çalışdığı məşqçinin adını çəkmək istəməyib: "Əlbəttə, kompüter vasitəsilə hazırlaşırıq. Kömək edən insanların adını çəkmək istəmirəm. Bəzən şahmatçı məşqçini yarışa özü ilə gətirir ki, rəqibləri qorxutsun. Belə amilləri xoşlamıram. İşlədiyim məşqçilərin adını açıqlamaq istəməzdim".
Bakı Şahmat Olimpiadasının Azərbaycanın həyatında xüsusi yer tutacağını deyən Rəcəbov şahmatın ölkəmizdə inkişafda olduğunu vurğulayıb: "Ölkədə şahmatın inkişafı üçün hər cür şərait var. Məktəblərdə şahmat dərsləri keçirilir. Üstəlik, dövlət səviyyəsində şahmatçılar üçün bütün imkanlar yaradılıb. Azərbaycanda şahmata böyük maraq var. Fikrimcə, şahmat ölkədə bir nömrəli idman növüdür. Olimpiadaya hazırlıq barədə federasiyada proqram hazırlanıb. Bu barədə federasiyada ətraflı məlumat verilə bilər".