
Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan artıq 7 qızıl, 2 bürünc medal qazanıb. Hələ Oyunlar yeni başlayıb və gələn həftəsonunadək qızıl medal sayının 10-u keçəcəyi şübhə doğurmur.
Əlbəttə, paralimpiada olimpiada ilə müqayisə oluna bilməz. Bu baxımdan, bir qızıl medal belə əldə edə bilməyən olimpiyaçılarımıza onların ümumi medal sayı qədər paralimpiyaçılarımızın qızıl medal qazanmalarını nümunə göstərmək də düzgün olmazdı.
Amma bu qədər qızıl medal əzmkarlığın, döyüşkənliyin, finalda belə təslim olmamağın nəticəsidir. Hansı ki, bunu 3 olimpiyaçımızın heç biri finalda bacarmadı, digərlərinin əksəriyyəti isə sadəcə, ilkin mərhələlərdə yarışıb-vuruşmadan təslim oldu.
Paralimpiyaçılarımızın bu nailiyyəti həm də Vətən müharibəsində yaralanmış 10 minədək qazimizin idmana inteqrasiyası baxımından önəmlidir. Şübhə yoxdur ki, şəhid və qazilərimizin qan və canları bahasına fədakarlığı paralimpiyaçılarımızın nailiyyətindən xeyli üstündür.
Amma qazilərimizin bundan sonrakı həyat və fəaliyyəti də çox önəmlidir. Bu baxımdan, paralimpiyaçılarımızın Tokio-2020-də möhtəşəm çıxışları sağlamlıq imkanlarını bu və ya digər dərəcədə itirmiş müharibə iştirakçılarına bir stimul və təkan ola bilər.
Odur ki, Milli Paralimpiya Komitəsinin hazırkı Oyunlardan sonrakı fəaliyyəti bu istiqamətə daha çox yönəlməlidir.
Elşən MƏMMƏDOV