
"Qrup oyunlarına qələbə ilə start vermək istəyirdik".
Sportnet.az xəbər verir ki, bunu "Abşeron Layons"un baş məşqçisi Erhan Toker evdə Estoniyanın "Kalev Kramo" komandasına 85:93 hesabı ilə uduzduqları FIBA Avropa Kubokunun qrup oyunundan sonra deyib.
Türkiyəli mütəxəssisin sözlərinə görə, rəqib Avropa turnirlərində müəyyən təcrübəyə malik komandadır: "Bu mənada, aqressiv oynamağa çalışdıq. Bir neçə gün idi ki, bu qarşılaşmaya hazırlaşırdıq. Təəssüf ki, qələbə qazana bilmədik. Rəqib matç sırasında asan xallar qazandı. Oyunun sonlarında göstərdiyimiz əzmi daha əvvəldən göstərsəydik, qələbə qazana bilərdik. Lakin hesabda 15 xallıq fərqlə geriyə düşdükdə, bunu aradan qaldırmaq çətin olur".
Tokerin fikrincə, qarşılaşmanın əvvəlində rəqib sərt oynayıb: "Biz sərt mübarizə aparmağa başladığımızda artıq müəyyən qədər gec idi. Komanda olaraq Avropa Kubokunda mübarizə aparmağı öyrənirik".