Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası mayın 15-də Sloveniyaya təlim-məşq toplantısına yollanacaq. Sportnet.az-ın məlumatına görə, yığmamız Bolqarıstanda və ölkəmizdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşacaq.
Baş məşqçi Faiq Qarayevin dəvət göndərdiyi 20 voleybolçudan heç də hamısı səfərə çıxa bilməyəcək. Onlardan Odina Əliyeva zədəli, Valeriya Məmmədova (Korotenko) analıq məzuniyyətindədir. Rusiyanın "Omiçka" klubunda çıxış edən Natalya Məmmədova da səhhətindəki problemlərlə əlaqədar Bakıya gələ bilməyib. Onun birbaşa Sloveniyaya və ya Bolqarıstana yollanacağı gözlənilir. Qalan voleybolçular isə bunlardır: Ceyran Əliyeva, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Oksana Parxomenko, Ayşən Abdüləzimova, Yelena Parxomenko, Natəvan Qasımova, Yana Ağayeva-Matyasovska, Katerina Jidkova, Ülkər Kərimova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibova, İrina Makarenko, Aleksandra Prupas.
Qeyd edək ki, Azərbaycan yığması 22 - 24 mayda Sofiyada, 29 - 31 mayda isə Bakıda Portuqaliya, Yunanıstan və Bolqarıstanla üz-üzə gələcək.