Paşik Alaverdyan ağırlıqqaldırma üzrə Ermənistan milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib.
Sportnet.az xəbər verir ki, Ermənistan Ağırlıqqaldırma Federasiyası bununla bağlı bəyanat yayıb.
Rəsmi açıqlamada səbəb kimi yaxın illərdə ölkə yığması üçün vacib tədbirlərin - 2027-ci ildə İrəvanda dünya çempionatı və 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarının keçiriləcəyi göstərilib.
Qərara əsasən, uzun müddət milliyə rəhbərlik etmiş Paşik Alaverdyan istefaya göndərilib. Onu komandanın ikinci məşqçisi Akop Pilosyan əvəzləyib. Pilosyanın əvvəlki vəzifəsi isə David Muradyana tapşırılıb.
Öz növbəsində, Alaverdyan news.am-a açıqlamasında bu qərarı dövlətə, ölkə rəhbərliyinə, Ermənistan ağırlıqaldırma idman növünə və idmanına ən böyük zərbə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, şəxsi problemlərlə əlaqədardır.
İdman sahəsində Ermənistan Azərbaycana qarşı yolverilməz davranışlarını məhz ağırlıqqaldırma növündə nümayiş etdirib. 2024-cü ildə İrəvanda keçirilmiş Avropa çempionatının açılış mərasimində ermənilər bayrağımızı yandırıblar. Bu il isə Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr və 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionatının qalibi olduğu vaxt dövlət himnimiz çalınarkən, gümüş medalçı, Ermənistan təmsilçisi Narek Mkrtçyan idmançıya yaraşmayan ləyaqətsiz hərəkətlərə, tərbiyəsizliyə yol verib.
Bununla əlaqədar Azərbaycan Ağırlıqqaldırma Federasiyası beynəlxalq qurumlara müraciət edib.
Qeyd edək ki, Paşik Alaverdyan Ermənistanda ağırlıqqaldırmanın "xaç atası" sayılır. 73 yaşlı mütəxəssis 52 ildir bu sahədədir və son 19 ildə əsas millidə çalışıb. Onun kənarlaşdırılmasında Azərbaycana qarşı yolverilməz davranışların, idmanı siyasətə qatmağa yönəlmiş hadisələrin də rol oynadığı güman olunur.





































































