Azərbaycan Olimpiya tarixində ən yüksək nəticəni yenicə başa çatan "Rio-2016" Yay Olimpiya Oyunlarında göstərib. Sportnet.az-ın məlumatına görə, qazanılan 18 medal bunadək ən yüksək göstərici olan "London-2012"dəki nəticəni (10 medal) xeyli yaxşılaşdırıb. Maraqlıdır ki, elə təkcə bürünc medalların sayı da bu qədər olub.
Bunadək həmin əyarlı medal ən çox London-2012"də 7 olub ki, bu dəfə sayı artırmışıq. Bürünclə yanaşı, gümüş mükafatda da yeni rekord müəyyənləşdirdik. Bu əyarlı ən çox medal "Pekin-2008" və "London-2012"də hərəyə 2 olmuşdu. Bu dəfə isə idmançılarımız 7 gümüş medal qazanıblar. Yalnız qızıl medalda yeni rekord edə bilmədik. Ən yüksək əyarlı medal bu dəfə cəmi 1 olub ki, "Sidney-2000" və "London-2012"də 2 Olimpiya çempionumuz olmuşdu.
Ölkəmiz medalın əyarına görə 39-cu olsa da, saya görə 15-ci yeri tutub. Azərbaycan medalların sayına görə müsəlman ölkələri arasında 1-ci, postsovet məkanında isə Rusiyadan sonra 2-ci olub ki, bunlar da yüksək nailiyyətdir.
Azərbaycan ilk dəfə ən çox - 5 növdə mükafatçı olub ki, bunlar güləş, cüdo, boks, taekvondo və kayak-kanoe olub. Son 2 növdə ilk medallar məhz "Rio-2016"ya təsadüf edib. Ölkəmiz olimpiadalarda bu 5 növlə yanaşı, idman gimnastikasında, atıcılıqda və ağır atletikada, yəni ümumilikdə 8 növdə fərqlənib.
Azərbaycan bunadək ən çox güləşdə medal qazanmışdı - 14. Bu dəfə həmin idman növündə 9 mükafatımız olub. Azərbaycanın bunadək cüdoda 3 medalı olmuşdu ki, bunun 2-si qızıl, 1-i bürünc idi. "Rio-2016"da ilk mükafatçılarımız olan Rüstəm Orucovla və Elmar Qasımov qazanılan 2 "gümüş"lə bu əyarlı ilk medallarımızı reallaşdırıblar ki, bununla da mükafat kolleksiyası tam dolub.
Boksda isə Azərbaycanın "Rio-2016"yadək 6 medalı olmuşdu ki, bunların da hamısı bürünc idi. Bu əyara Braziliyada daha biri əlavə olunub. Ancaq bununla yanaşı, ilk dəfə gümüş medal qazanmaq da mümkün olub ki, bu tarixi nəticəyə "Qəbələ"nin əslən Kubadan olan təmsilçisi Lorenzo Sotomayor imza atıb. Yeri gəlmişkən, bürünc medal qazanan boksçumuz Kamran Şahsuvarlı da bu klubun üzvüdür.
Medalçı olan 18 idmançımızdan çoxu - 14-ü ilk dəfə Olimpiya mükafatçı olub. Yalnız Toğrul Əsgərov, Şərif Şərifov, Mariya Stadnik və Xetaq Qazyumov bunadək olimpiadada medalçı olmuşdu. Stadniklə Qazyimov artıq 3 dəfə, ardıcıl 3 Yay Olimpiya Oyunlarının medalçıları olmaqla rekordçudurlar. Mariyanın hesabında 2 gümüş,1 bürünc, Xetaqda 1 gümüş, 2 bürünc var. Yəni, onlara Olimpiya çempionluğu hələ qismət olmayıb. "London-2012"nin qalibləri olan Əsgərovla Şərifov isə 2 dəfə Olimpiya mükafatçısı olanların sayını 5-ə artırıb. İlk 3 güləşçi Namiq Abdullayevlə (1 qızıl, 1 gümüş) Rövşən Bayramov (2 gümüş) və atıcı Zemfira Meftahətdinovadır (1 qızıl, 1 bürünc).
Olimpiya mükafatçılarımızdan 14-ü kişi, 4-ü qadın idmançıdır. Medalçılardan 7-si yerli, 11-i legionerdir. Ən yüngül çəkidə Mariya Stadnik fərqlənib - 48 kq. Ən ağır çəkili idmançımız isə bu göstəricidə ümumiyyətlə, olimpiada tariximizdə rekord vuran Sabah Şəriətidir - 130 kq. Ən gənc və ən yaşlı idmançılarımız zərif cinsin nümayəndələridir. Medalçılarımız arasında yaşda ən böyüyü 34 yaşlı İrina Osipenko-Radomskayadır. Əslən Ukraynadan olan idmançı kayak növündə ilk Olimpiya medalçısı kimi adını idman tariximizə yazdırıb. Ən gənc mükafatçımız isə 22 yaşlı Patimat Abakarovadır. O da gəlmədir, Rusiyadandır və öz növündə - taekvondoda ölkəmizə ilk Olimpya mükafatı qazandırıb.
Azərbaycanın "Rio-2016" Yay Olimipia Oyunlarında medalçıları
Qızıl medal
Radik İsayev (1989, taekvondo, +80 kq)
Gümüş medal
Rüstəm Orucov (1991, cüdo, 75 kq)
Elmar Qasımov (1988, cüdo, 100 kq)
Mariya Stadnik (1988, sərbəst güləş, 48 kq)
Toğrul Əsgərov (1992, sərbəst güləş, 65 kq)
Xetaq Qazyumov (1983, sərbəst güləş, 97 kq)
Lorenso Sotomayor (1985, boks, 64 kq)
Valentin Demyanenko (1983, kanoe, 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş)
Bürünc medal
Natalya Sinişin (1985, sərbəst güləş, 53 kq)
Hacı Əliyev (1991, sərbəst güləş 57 kq)
Cəbrayıl Həsənov (1990, sərbəst güləş, 74 kq)
Şərif Şərifov (1988, sərbəst güləş, 86 kq)
Rəsul Çunayev (1991, yunan-Roma güləşi, 66 kq)
Sabah Şəriəti (1989, yunan-Roma güləşi, 130 kq)
Kamran Şahsuvarlı (1992, boks, 75 kq)
Patimat Abakarova (1994, 49 kq)
Milad Beigi Harçeqani (1991, taekvondo, 80 kq)
İnna Osipenko-Radomskaya (kayak, 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş)
Mehman Süleymanov