Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən, 2003-cü ildə yeniyetmə sərbəst güləşçilər arasında Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixatrik ekspertizası təyin olunub.
O, 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilib. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Anar İsmayılova Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyaniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.