"Formula-1" üzrə yeddiqat dünya çempionu Lüis Hemiltonun İtaliyanın "Ferrari" komandasının forması ilə çəkilmiş ilk şəkli klubun sponsorlarına 400 min dollar qazandırıb.
Sportnet.az "Sponsorlytix" analitik nəşrinə istinadən xəbər verir ki, şəkildən ən çox gəliri "Ferrari"nin baş sponsoru HP əldə edib. Texnologiya şirkətinin qazancı 62 min 100 dollar olaraq təxmin edilir.
Neft şirkəti "Shell"in gəlirdən payı 52,1 min dollar olaraq qiymətləndirilir. "Ferrari" isə 50 min dollara yaxın xeyir götürüb.
Hemiltonun paylaşımı təxminən, 11 milyon bəyənmə toplayaraq, "Formula-1" tarixinin ən populyar şəkli olub.
Qeyd edək ki, britaniyalı Lüis Hemilton "F-1" mövsümünün sonunda Almaniyanın "Mercedes" komandasından ayrılaraq, "Ferrari"yə keçib. 40 yaşlı pilot keçmiş komandası ilə 6 dəfə dünya çempionu olub.