
"Azərkosmos"un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə “Kosmik super insan: gücləndirmə və fiziki hazırlıq” təlimi həyata keçirilib.
Sportnet.az xəbər verir ki, tədbir Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfdaşlığı əsasında gerçəkləşib.
Təlim kosmosda yaşamaq və fəaliyyət göstərmək üçün insan bədəninin fiziki və psixoloji dözümlülüyünün artırılması, həmçinin astronavtların və idmançıların tətbiq etdiyi gücləndirmə və hazırlıq metodları haqqında ictimaiyyəti maarifləndirmək məqsədi daşıyıb.
Təlimdə çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə ekstermal şəraitdə insan bədəni, performans və davamlılığı artırmaq üçün strategiyalar, insanın inkişafında etik prinsiplər kimi mövzulara toxunub, həmçinin iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsinin builki mövzusu “Kosmosda yaşam” adı ilə müəyyən olunub və həftə çərçivəsində baş tutan tədbirlər insanların kosmosda yaşaması, işləməsi, uyğunlaşması istiqamətində maarifləndirməni gücləndirməyi hədəfləyib.