Almaniyanın "Audi" şirkəti 2020 mövsümündən sonra DTM (Minik avtomobilləri arasında Almaniya çempionatı) yarış seriyasını tərk edəcək.
Sportnet.az şirkətin rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik bu qərarı koronavirus pandemiyası üzündən ortaya çıxan iqtisadi problemlərlə əlaqələndirib. O da bildirilir ki, "Audi" komandanın elektromobillər arasında "Formula E" çempionatında inkişafına konsentrasiya olmaq niyyətindədir.
Qeyd edək ki, DTM 1984-cü ildən keçirilir. 1996 - 1999-cu illərdə yarış seriyası bağlansa da, 2000-ci ildə açılıb. Son bir neçə ildə yarış iştirakçıları ənənəvi olaraq, Almaniyanın 3 aparıcı avtomobil istehsalçısı - "Audi", BMW və "Mercedes" şirkətlərinin maşınlarında çıxış ediblər. "Mercedes" çempionatı 2018 mövsümündən sonra tərk edib və yerinə bir mövsümlük də olsa, "Aston Martin" gəlib. "Audi" avtomobillərində çıxış edən pilotlar 12 dəfə DTM çempionu olublar.