Azərbaycan Stronqmen Federasiyasının (ASF) 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə ASF-in 5 illiyi ilə bağlı videoçarx nümayiş olunub.
Federasiyanın prezidenti Bəxtiyar Quliyev əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə məlumat verib.
O bildirib ki, 2017-ci ilin yanvarında təsis olunan ASF Dünya Stronqmen Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsidir: "Federasiyanın məqsədi idmanın bu növünün ölkədə kütləviliyinin artırılmasına nail olmaq və gəncləri stronqmenə cəlb etməklə sağlam həyat tərzinə həvəsləndirməkdən ibarətdir. ASF-nin qeydiyyat reyestrində və Nizamnaməsində də göstərildiyi kimi, ölkədə istənilən güc idman növünün inkişafına kömək etmək istəyirik. Azərbaycanda stronqmenə həvəsi olan hər kəs bu idmanla məşğul ola, yarışlarda iştirak edə bilər. Bunun üçün federasiyanın tərkibində idman kompleksləri fəaliyyət göstərir. Federasiya müxtəlif yarışlar keçirir, maarifləndirici seminarlar və s. tədbirlər təşkil edir. Eyni zamanda, federasiya istənilən güc idman növünün klub formatında yaradılmasına və fəaliyyətinə dəstək verir ki, bu da ölkədə güc idman növləri ilə məşğul olan idmançıların sayının artmasına və inkişafına mühüm töhfə verir".
Quliyev 5 il ərzində iki beynəlxalq, 15 yerli turnirlərin təşkil olunduğunu xatırladıb: "Ölkədə idmana dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir.
İdmançıların sosial problemlərinin həll olunması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmanın inkişafı istiqamətində verdiyi tapşırıqlar yeni uğurlara və nailiyyətlərə təkan verir. Ölkədə böyük idman yarışları yüksək səviyyədə təşkil olunur, idmançılar beynəlxalq arenada bayrağımızı dalğalandırırlar. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının göstəricisidir. Gənclər və İdman Nazirliyi də idmançıların yüksək səviyyədə hazırlıq keçməsi, ölkəni beynəlxalq arenada layiqincə təmsil etməsi üçün var gücü ilə çalışır".
ASF-in "Strict-curl" bölməsinin rəhbəri Camal Əhmədzadə 5 il ərzində görülmüş işlər, idmanın bu növünün daha da kütləviləşməsi istiqamətində atılacaq addımlar, bölgələrdə stronqmenin inkişaf etdirilməsi üçün nəzərdə tutulan planlar barədə məlumat verib.
Sonra idmanın bu növünün inkişaf etdirilməsindəki xidmətlərinə görə bir qrup şəxs və yarışlarda fərqlənən idmançılar təltif edilib. Sonda gələcək planlar barədə fikir mübadiləsi aparılıb və bəzi qərarlar qəbul olunub.