“Çövkənin bütün qitələrdə inkişafı üçün çalışırıq. Məhz buna görə Mərakeş də öz nümayəndə heyəti ilə Bakıdadır”.
Sportnet.az xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının vitse-prezidenti seçilən Mohammed Moddi qurumun Bakıda keçirilmiş Baş Assambleyasının yekun iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Tədbirə dəvət aldığına görə Azərbaycan Respublikası Atçılıq Federasiyasına minnətdarlığını bildirən vitse-prezident əlavə edib: “Biz bu Assambleyada ikinci dəfədir iştirak edirik. Bu, iki ölkənin idman sahəsindəki əməkdaşlığının güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əsas məqsədimiz çövkəni yalnız Mərakeşdə deyil, bütün Afrika ölkələrində populyarlaşdırmaq və təkmilləşdirməkdir”.
Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyasında vitse-prezident vəzifəsinə Mohammed Moddidən başqa, Böyük Britaniyanı təmsil edən Anna Holl və türkiyəli Zübeyir Bekiroğlu da seçilib. Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev isə qurumun ilk prezidenti olub.