Bu gün Azərbaycan Höküməti ilə Formula 1 rəhbərliyi arasında Formula 1 Dünya Çempionatı çərçivəsində Qran Pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasının 2-ci ildönümüdür. Sportnet.az-ın məlumatına görə, gəcnlər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib.
A.Rəhimov Bakı Şəhər Halqasının Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinin "Odlar ölkəsində, Sürət zirvəsində!" devizini böyük uğurla reallaşdıracağını deyib: "Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə Formula 1 Qran Pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır. Fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. Əminik ki, Bakı Şəhər Halqası, 2016-cı il Formula 1 Avropa Qran Prisinin "Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq".
Bakı Şəhər Halqasının memarı Herman Tilkeyə görə, Formula 1-in Azərbaycanda inşa olunmuş ən yeni treki dünyada ən sürətli şəhər treki ünvanına tezliklə yiyələnəcək. O, əməliyyat şirkətinin rəsmi saytına verdiyi müsahibədə bildirib ki, BŞH sahib olduğu bir sıra xüsusiyyətlərə görə digər treklərdən fərqlənir: "Bakı Şəhər Halqasını Formula 1-in daimi trekləri ilə müqayisə etmək düzgün deyil. Çünki bu, şəhər trekidir. Anoloji treklərlə müqayisədə Bakı Şəhər Halqası öz unikallığı ilə seçilir. Bu trekin Formula 1 təqvimində şəhər treklərinin ən sürətlisi olacağı gözlənilir. Trekin şəhərin tarixi məkanlarından keçməsi həm tribunalarda, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaradacaq. Bakı Şəhər Halqası məhz bu xüsusiyyətinə görə azarkeşləri özünə cəlb edəcək. Bu baxımdan deyə bilərəm ki, Formula 1 təqvimində Bakı Şəhər Halqasına bənzər ikinci bir trek yoxdur və bu trek mövsümün ən həyəcanlı yarışına ev sahibliyi edəcək".
Yarış həftəsonu ərəfəsində dünya müsiqisinin ən məşhurlarından Kris Braunun, Enrike İqlesiasın və Farel Vilyamsın Bakıda ən çox dinlənilən mahnıları ilə çıxış etməsi Avropa Qran Prisini daha yaddaqalan edəcək. Bu dünya ulduzları 17-18 iyun tarixlərində hər gün biri olmaqla müvafiq ardıcıllıqla Formula 1 Şəhərciyində qurulmuş səhnəyə çıxacaq və yarışı izləmək üçün dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.