
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev İtaliyanın Friuli Venesiya Culiya muxtar vilayətində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalının açılışında iştirak edib.
Sportnet.az xəbər verir ki, şef de-mission Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin üzvləri Trieste şəhərinin “Piazza Unità D Italia” mərkəzi meydanında, açıq havada baş tutan açılış mərasimində paraddan keçiblər.
Paradda 14 idman növü üzrə yarışlarda iştirak edən 2300 yeniyetmə idmançı təmsil olunub. İşıq və lazer şousu vasitəsilə tamaşaçılara suyun birləşdirici və həyat mənbəyi olması ilə bağlı mesajlar verilib. Açılış mərasimində təşkil olunan xüsusi şouda buluddan yağışa, çaya, dənizə və qara çevrilən suyun yolu ilə Friuli Venesiya Culiyaya səyahət təşkil olunub. EYOF iştirakçılarının olimpiya çempionluğuna gedən yollarını, təcrübəsini və əzmini simvolizə edən məqamlara toxunulub. Sonra Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu - velosipedçi Conatan Milan EYOF məşəlini alovlandırıb.
Qeyd edək ki, yanvarın 28-dək davam edəcək festivalda Azərbaycan fiqurlu konkisürmə üzrə komandanın üzvü Səbinə Əliyeva ilə təmsil olunur. 14 yaşlı atletin ilk çıxışı yanvarın 25-də qısa proqram üzrə olacaq. O, iki gün sonra sərbəst proqramda mübarizə aparacaq.