Azərbaycan sərbəst güləşçiləri Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq “Dan Kolov – Nikola Petrov” turnirinə iki medalla start verib.
Sportnet.az-ın məlumatına görə, medalları Sadiq Mustafazadə (92 kq) və Ceyhun Allahverdiyev (61 kq) aktivlərinə yazıblar.
Dairəvi sistem üzrə baş tutan mübarizədə Mustafazadə ilk turda israilli Uri Kalaşnikova qalib gəlib – 7:4. O, ikinci turda bolqarıstanlı Radomir Stoyanova heç bir şans tanımayıb – 18:6. Mustafazadə üçüncü turda amerikalı Erik Şultsla gərgin keçən görüşdə minimalhesablı qələbə qazanıb – 8:7. Sonuncu turda gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabı ilə uduzan ağırçəkili pəhləvan ənənəvi yarışda gümüş medal qazanıb.
Allahverdiyev təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda Nahşon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabı ilə məğlub olan azərbaycanlı pəhləvan bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışa yanvarın 26-da yekun vurulacaq.