
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Sportnet.az-ın məlumatına görə, sərbəst güləş və sambo üzrə idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçi Oqtay Hüseynov ömrünün 69 baharında dünyasını dəyişib.
Tanınmış idman mütəxəssislərindən biri olan Oqtay Qulam oğlu Hüseynov 1946-cı il iyul ayının 23-də Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitutunun güləşmə və onun metodikası fakültəsini bitirən Oqtay Hüseynov hələ tələbəlik illərindən əvvəl sərbəst güləş üzrə Respublika Olimpiya İdman Liseyində məşqçi-müəllim kimi çalışıb. Mərhum idman mütəxəssisi ömrünün sonuna qədər həmin idman ocağında fəaliyyət göstərib.
Qeyd edək ki, Oqtay Hüseynov 1991-ci ildən FİLA referisi kimi Sidney və Atlanta Olimpiya oyunlarının, 14 dəfə dünya çempionatının, 22 beynəlxalq turnirin hakimi olub, 1998-ci ildə isə güləş idman növündə ən yüksək sayılan «E» kateqoriyasını alıb.
Bütün bu uğurların məntiqi nəticəsi olaraq Oqtay Hüseynov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən idmanın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 2002-ci ildə isə «Tərəqqi» medalına layiq görülüb. 2001-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olub.
ALLAH RƏHMƏT ELƏSİN!!!