
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında 74 kq çəki dərəcəsində fərqlənən sərbəst güləşçilərin mükafatlandırma mərasimində qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Albaniyanı təmsil edən Çermen Valievi təltif edərkən, ona nə isə deyib.
Mamiaşvilinin bu sözləri Valievin sərt reaksiyası ilə qarşılanıb. Güləşçi federasiya rəhbərindən gül dəstəsi və qızıl medalı könülsüz halda qəbul edib. O, Albaniyanın dövlət himnini də əhvalı pozulmuş halda dinləyib.
Əslən osetiyalı olan Valiev finalda Dünya Güləş Birliyinin bayrağı altında güləşən Rusiya təmsilçisi Zaurbek Sidakovu məğlub edib. Sidakov da milliyyətcə osetiyalıdır. Final qarşılaşmasının sonlarında mübahisəli epizod baş verib.
Hakimlər epizodun video-təkrarına iki dəfə baxdıqdan sonra Valievə 2, Sidakova 1 xal verib və görüş Albaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:3. Sidakov döşəyi axsaya-axsaya tərk edib və mükafatlandırma mərasiminə də çətinliklə çıxa bilib. Valiev isə Albaniya bayrağını çiyninə alaraq dövrə vurub.
Mamiaşvilinin Valievə Sidakovla görüşdə qızıl medala layiq olmadığını dediyi və mübahisəli epizodla bağlı irad tutduğu güman olunur.
Qeyd edək ki, 74 kq çəki dərəcəsində bürünc medallardan birini Azərbaycan yığmasının üzvü Ağanəzər Novruzov qazanıb. Digər bürünc medal isə daha bir osetiyalı, Slovakiya təmsilçisi Saymuraz Salkazanova qismət olub. Beləliklə, bu çəki dərəcəsində fəxri kürsüdə üç osetiyalı, bir azərbaycanlı yer alıb.