
Orta çəki dərəcəsində məşhur boksçu Yevgeni Xitrov həbs olunub.
Sportnet.az "SVOI Krivoy Roq"a istinadən xəbər verir ki, ukraynalı idmançını Krivoy Roq şəhərinin girişində hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıb.
36 yaşlı keçmiş boksçu kənd təsərrüfatı müəssisələrində oğurluqda iştirakda şübhəli bilinir. Bu oğurluqların birindən sonra o və şəriki həbs edilib.
Xitrov peşəkar rinqdə 22 döyüş keçirib, 20-də qalib gəlib (17-si nokautla), 2-də isə məğlub olub. Tanınmış idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarında 1/8 finalda britaniyalı Entoni Oqoqoya məğlub olub.
Xitrov 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatında 75 kq çəki dərəcəsində qızıl medal qazanıb.
O, 2013-cü ildə Avropa çempionatının bürünc mükafatçısı, 2010-da Avropa Kubokunun qalibi və 2009 - 2011-ci illərdə Ukrayna çempionatının qalibi və medalçısı olub, Ukraynanın əməkdar idman ustasıdır.
Qeyd edək ki, Yevgeni Xitrov hazırda Krivoy Roqda yerli Boks Federasiyasının prezidenti vəzifəsini tutur və KB-75 boks klubunda məşqçi işləyir.