
Müxtəlif yaş qrupları üzrə güləş yığmaların qarşıdan gələn mühüm yarışlara hazırlığı intensiv formada davam edir.
Azərbaycan Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, U-20 komandası Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirində çıxışını başa vurduqdan sonra fasilə vermədən növbəti hazırlıq prosesinə start verib.
Belə ki, güləşçilər mayın 11-dən 24-dək Qax Olimpiya İdman Kompleksində toplanış keçəcək. Növbəti toplanış isə mayın 27-dən iyunun 9-dək isə Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.
Eyni yaş qrupunda sərbəst güləşçilər də Qaxa yollanacaq. Ancaq bu növ üzrə U-20 millinin bölgə toplanışı mayın 28-dən iyunun 11-dək olan müddəti əhatə edir. Buna qədər məşqlər Bakıda keçiriləcək.
Böyüklərdən ibarət sərbəst güləş yığması mayın 14-də Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. İki həftə davam edəcək hazırlıq prosesində Türkiyə millisi də iştirak edəcək.
Azərbaycannın qadın güləşçiləri iki qrupa bölünüb. U-20 və böyüklərdən ibarət heyət Quba Olimpiya İdman Kompleksində, U15 və U-17 millilər Abşeron Olimpiya İdman Kompleksində məskunlaşıb. Hər iki toplanış mayın 11-dən 24-dək davam edəcək.
Sərbəst güləş üzrə U-17 komanda isə mayın 7-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Özbəkistanın müvafiq komandası ilə birgə keçirilən hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli təlim-məşq toplanışını Rusiyanın Vladiqafqaz şəhərində keçir.