
"Salam Azərbaycan Salam Bakı! Sabahkı döyüşdə hər kəsi gözləyəcəyəm, sizin sayənizdə möhtəşəm döyüş gecəsi olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu UFC döyüşçüsü Merab Dvalişvili Bakıda keçiriləcək “UFC Döyüş Gecəsi"nin rəsmi çəkiölçmə mərasimində deyib.
Bakı Kristal Zalında təşkil olunan tədbirdə gürcü əsilli ABŞ idmançısı bildirib ki, növbəti görüşdə rəqibinin kimliyinin onun üçün fərqi yoxdur: "UFC kimi versə onunla döyüşməyə hazıram. Ən çox çəkindiyim rəqib, məncə, Con Consdur. O böyükdür və çempiondur.
Ona hörmətim sonsuzdur. MMA tarixinin ən yaxşısı da əlbəttə, Con Consdur. Umar Nurməhəmmədovla revanş gəlincə, mən burdayam. Hər şey UFC-dən asılıdır. Hər zaman hazıram. Öz divizonumda qalıram və çəkimi dəyişmək istəmirəm, çünki rəqibim çoxdur".
O, azərbaycanlı döyüşçü Nazim Sadıqov barədə bunları deyib: "Nazim əla döyüşçüdür".
Dvalişvili azarkeşlər arasında yer alan azyaşlı ilə zarafatından da qalmayıb: "İstəsən səninlə də döyüşə bilərəm".
37 yaşlı döyüşçünün sözlərinə görə, yaşlandıqca təcrübələri artır ki, bu da yaxşı haldır: "UFC-də Hər bir döyüş çətindir. Ən çətini hər zaman növbəti olandır. Divizionda qalanlarla döyüşmək getdikcə çətinləşir".
O, Bakıda üz-üzə gələcək Rafael Fiziyev və İqnasio Baxamondesi top döyüşçülər kimi dəyərləndiririb: "Seçim etmək çətindir. Azərbaycanlı olduğu üçün Fiziyevin azarkeşləri çox olacaq. Bu ona üstünlük verir. Düşünürəm ki, Rafael qazanacaq".
Dvalişvili "Həbib Nurməhəmmədov, yoxsa Konor Makreqor" sualını isə belə cavablandırıb: "Həbib onu döyərək güclü olduğunu sübut edib".
Qeyd edək ki, “UFC Döyüş Gecəsi" iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.