
Gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda medallar qazanmış idmançılarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında baş tutan tədbirdə idmançılarla yanaşı, onların məşqçiləri də iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra nazir Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına və “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları çıxış ediblər.
Aerobika gimnastikası, akrobatika gimnastikası, kayak, kanoe, akademik avarçəkmə, boks, basketbol, cüdo, çimərlik güləşi, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, minifutbol, kikboksinq, karate, MMA, parapauerliftinq, parabadminton, kəmər güləşi, qırğız kuroşu, deflimpiya (karate WKF) idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançıları təbrik edərək onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.