Sentyabrın 13-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək dünya çempionatı üçün Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandalarının heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, 9 gün davam edəcək nüfuzlu yarışda sərbəst və yunan-Roma güləşçiləri bütün çəkilərdə, qadınlar isə 3 çəkidə çıxış edəcək.
İlk olaraq, mübarizəyə sərbəst güləşçilər başlayacaqlar. 13-16 sentyabrda xalça üzərinə İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) çıxacaq. Beləliklə, azərbaycanlı pəhləvanlar ən aşağı 4 çəkidə yer alacaq. Qalan 6 çəki legionerlərin ixtiyarına verilib.
Onlar Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.
15-18 sentyabrda çıxış edən qadın güləşçilərin siyahısında Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq) və Birgül Soltanova (62 kq) yer alıb. Onları baş məşqçi Toğrul Əsgərov və məşqçi Həsrət Məmmədyarov yarışa aparacaq.
Yunan-Roma güləşçiləri isə 18-21 sentyabrda mübarizə aparacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədov 10 çəkidən 9-da azərbaycanlılara güvənəcək. Yalnız ən ağır çəkidə legionerə şans veriləcək.
"Klassiklər"in siyahısına Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) daxil edilib.
Qeyd edək ki, dünya çempionatında I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.