
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında Azərbaycanın daha bir sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.
Sportnet.az xəbər verir ki, Osman Nurmaqomedov (92 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradze ilə üz-üzə gəlib.
Görüş boyunca üstün tərəf olan Nurməhəmmədov 5:1 hesablı qələbə ilə dünya üçüncüsü olub. Beləliklə, o, analoji yarışlarda 4-cü medalını qazanıb.
Cəbrayıl Hacıyev (79 kq) isə təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabı ilə qalib gəlib. Lakin debütant bürünc medal uğrunda qarşılaşmada iranlı Mohammad Noxodilarimiyə (2:4) məğlub olaraq, dünya çempionatını 5-ci yerdə başa vurub.
Beləliklə, Azərbaycan millisinin cari mundialda qazandığı medalların sayı 4-ə çatıb.
Xatırladaq ki, sentyabrın 14-də Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc medala sahib çıxıb.