Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək güləşçilər intensiv məşqləri davam etdirir.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qadınlardan ibarət milli U23 dünya çempionatı başa çatdıqdan sonra ilin son yarışına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.
Digər yığmalar isə Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında son hazırlıqları keçir.
Toplanışa ölkə xaricindən gəlmiş komandalar da qatılıb. Yunan-Roma güləşçiləri Bolqarıstan və Əlcəzairdən olan həmkarları ilə birgə məşq edir. Bolqarıstan millisinin heyətində son olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alıb.
Sərbəst güləşdə isə daha çox komanda – Azərbaycan, Bəheyn, Qazaxıstan və Əlcəzair İslamiadaya birlikdə hazırlaşır. Onlar arasında Bəhreyni təmsil edən olimpiya, dünya və 2 qat Asiya çempionu Axmed Tajudinov da var.
Qeyd edək ki, hazırlıq prosesinə noyabrın 14-də yekun vurulacaq. Növbəti gün millilərimiz Ər-Riyada yollanacaq. Xatırladaq ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək.
İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.















































































