Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatıb.
Sportnet.az xəbər verir ki, yarışın son günündə Azərbaycan yığma komandası daha bir medal qazanıb.
81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev karyerasında ikinci dəfə analoji turnirdə gümüş medala layiq görülüb. 26 yaşlı cüdoçu iki il əvvəl də Paris tatamisində eyni nəticəni göstərmişdi.
Tçkayev finala gedən yolda Çin, Böyük Britaniya, Tacikistan və Qazaxıstan təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə isə o, yaponiyalı Yuhei Oynoya uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Onu məşhur italiyalı müğənni Al Bano təltif edib.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc medal əldə etmişdi.
Beləliklə, Paris Böyük Dəbilqəsini bir dəst medalla başa vuran Azərbaycan millisi 78 ölkə arasında kişilərin mübarizəsində 2-ci, ümumi komanda hesabında isə 3-cü yeri tutub.















































































