Bolqarıstanın Samokov şəhərində keçirilən 17 yaşadək güləşçilər arasında Avropa çempionatının altıncı yarış günündə Azərbaycanın 5 təmsilçisi medal qazanıb.
Sportnet.az xəbər verir ki, sərbəst güləş üzrə 48 kq, 55 kq, 65 kq, 80 kq və 110 kq-da medalçılar müəyyənləşib.
Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb. O, rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub.
Abbas Şəfiyev (55 kq) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib.
Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hakim Tağıyev (110 kq) isə bürünc medal görüşündə belaruslu Daniil Jivuladan güclü olub – 3:1.
Beləliklə, Azərbaycan millisi günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayıb.


















































































