Bolqarıstanın Samokov 15 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın qızlardan ibarət komandası 1 qızıl və 1 bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, Ülviyyə Musayeva (33 kq) finalda türkiyəli Yamur Minaza tam üstünlüklə (11:0) qalib gələrək Avropa çempionu olub.
Musayeva bu qələbə ilə Azərbaycan qadın güləşində U-15 yaş qrupu üzrə Avropa çempionu olan ilk idmançı kimi tarixə düşüb.
Mədinə Kərimova (46 kq) təsəlliverici görüşdə rusiyalı Şanka Malçinovaya 5:2 hesabıyla qalib gəlib. Kərimova üçüncü yer uğrunda qarşılaşmada isə türkiyəli Karin Güleri “tuş”la üstələyərək bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşi üzrə millinin son təmsilçisi Fikrət Baxşəliyev (85 kq) isə fəxri kürsünün bir addımlığında dayanıb. Təsəlliverici görüşdə xorvatiyalı Stefan Çavriçə (9:0) gücünü göstərən həmyerlimiz bürünc medal uğrunda mübarizədə belaruslu Nikola Osipova məğlub olub – 2:9.
















































































