1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İran və Macarıstanda uğur qazanan güləşçilərlə görüş keçirildi
Bu gün Gənclər və İdman Nazirliyində İranın Abadan şəhərindəki Dünya Kubokunda gümüş medal qazanmış yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının və Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasındakı Avropa çempionatında ümumilikdə 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edən hər üç növ üzrə milli komandanın üzvləri ilə görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov, yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Akif Əliyev, gənclər komandasının böyük məşqçisi Şaban Donat, məşqçilər korpusunun üzvləri və Rövşən Bayramov, Rəsul Çunayev kimi güləşçilər iştirak ediblər.
F.Mansurov bildirib ki, hər iki yarışda uğurlu çıxış edən güləşçilərin uğurları diqqətə layiqdir. O, Macarıstanda təşkil olunan Avropa çempionatında 23 yaşadək idmançıların mükafataçılar sırasına düşməsini xüsusi qeyd edib: "Hər iki yarışda çıxış edən güləşçilərimizi təbrik edirəm. İranda keçirilən Dünya Kubokunda gümüş medal qazanmaq yaxşı nəticədir. 23 yaşlı idmançllarımız isə Azərbaycan güləşinin gələcəyidirlər. Onlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında əsas komandanın özəyini təşkil edəcəklər. Güləş Azərbaycanda əsas idman növlərindən biridir. "Rio-2016"da əldə olunan 18 medaldan 9-u güləşçilərimizin payına düşmüşdü. Qarşıda İslam Həmrəyliyi Oyunları var. Bütün idmançılarımıza uğurlar arzulayıram".
Tədbirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edən E.Cəfərov hər iki yarışda uğur qazanan güləşçiləri təbrik edib. O, bildirib ki, İranda keçirilən Dünya Kubokunda hakimlər qeyri-obyektiv olublar: "İranda çempion da ola bilərdik. Lakin hakimlərin yanlış qərarları gümüş medal qazanmağımızla nəticələndi".
F.Umudov da bu cür tədbirlərin ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, güləşçilərin səylə İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıqlarını deyib: "İslamiadanın başlaması üçün günləri sayırıq. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq".
İlin ən önəmli yarışının Dünya Kuboku olduğunu söyləyən A.Əliyev İrana yarışın qalibi olmaq üçün yollandıqlarını vurğulayıb: "Bildiyiniz kimi, 2013-cü ildə Dünya Kubokunun qalibi olmuşduq. İstəyirdik ki, həmin nəticəni təkrarlayaq. Lakin müəyyən səbəblərdən gümüş medal qazandıq. Çalışacağıq ki, qarşıdakı yarışlarda, xüsusən İslamiada da daha uğurlu çıxış edək".
Güləşçilərdən R.Çunayev idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, qələbələrin davamını gətirmək üçün daha səylə çalışacaqlarını dilə gətirib.
Qeyd edək ki, Avropa çempionatının ilk iki yarış günündə sərbəst güləşçilər yarışıb. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələnib. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləşçilər Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü sırada qərarlaşıb.
Qadın güləşçilər çempionatı 1 gümüş və 1 bürünc medalla başa vuraraq, komanda hesabında 7-ci yeri tutublar. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) bürünc medala sahib olub.
Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçiləri çempionatı 3 qızıl və 1 bürünc medalla tamamlayıblar. Qızıl medallara Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) layiq görülüblər. Bürünc medala 80 kq-da mübarizə aparan Eltun Vəzirzadə sahib olub. Bu nəticə ilə yığma 42 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb. 47 xal toplayan Gürcüstan komandası birinci, 45 xal qazanan Rusiya idmançıları isə ikinci yeri tutub.
Medal əyarına görə isə yunan-Roma güləşçiləri 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb. 2 qızıl medal qazanan İsveç 2-ci olub. Türkiyə, Macarıstan və Polşa komandası hərəyə 1 qızıl medal qazanıb.