"Azərbaycan dünya güləşində böyük pay sahibidir. Bakıda güləş yarışları hər zaman yüksək təşkilatçılıqla həyata keçirilib".
Sportnet.az-ın məlumatına görə, bunu ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda iştirak edən Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına müsahibəsində deyib.
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri, Avropa Oyunları, Avropa və Dünya çempionatlarını xatırlayan UWW rəsmisi bu yarışlar haqda xoş təəssüratlarını bölüşüb: "Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək səviyyədə təşkilatçılığın şahidi olmuşam. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar izləyəcəyik. Çünki biz AGF-nin böyük təcrübəyə malik olduğunu bilirik".
Qədim güləş ənənələrinə sahib olan Azərbaycanın yüksəlişdə olduğunu deyən Laloviç bu sahədə ölkənin dünya güləşində daim yüksək yerlərdə olacağına inandığını bildirib.
Onun fikrincə, Dünya Kubokunda iştirak edən Azərbaycan komandası çox güclüdür: "Biz Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında da güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik. Düşünürəm ki, Azərbaycan xalqının gözlədiyi nailiyyətlər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da gerçəkləşəcək".