
Azərbaycanın 3 yunan-Roma güləşçisi İranın Əndimeşk şəhərində keçirilən “Təxti kubok”unda fəxri kürsüyə yüksəlib.
Sportnet.az xəbər verir ki, 39-cu dəfə təşkil olunan ənənəvi yarışda Azərbaycan yığmasını böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 10 güləşçi təmsil edib. İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin pəhləvanlarının mübarizə apardığı turnirdə Azad Əliyev (72 kq) gümüş, Ziyad Zeynalov (55 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıb. Mikayıl Rəhimov (60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq) və Elməddin Ramazanov (82 kq) beşinci yerlə kifayətlənib.
Yığma komanda hesabında 134 xalla 2-ci yeri tutub. İran (240) birinci, Gürcüstan (109) isə üçüncü olub.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov yarışda ədaləti qoruyub.