Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb.
Sportnet.az-ın məlumatına görə, onların hamısı kişilərin mübarizəsinə qatılıb.
90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olub. Azərbaycanlı cüdoçu bu qarşılaşmanı 1 dəqiqə 57 saniyəyə ipponla başa vurub. O, 1/4 finalda estoniyalı Klen Kristofer Kalyulaidi sınağa çəkib. Rəqibinə 2 dəqiqə 11 saniyəyə qalib gələn Mehdiyev yarımfinala vəsiqə qazanıb.
Finala gedən yolda rəqib özbəkistanlı Davlat Bobonov olub. Mehdiyev 3 dəqiqə ərzində 3 cərimə xalı alaraq, məğlubiyyətlə üzləşib. Lakin o, bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Jandreyevi yenməyi bacarıb.
100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olub. Kokauri bu dəfə 1 dəqiqə 18 saniyəyə ipponla qələbə qazanıb. Gürcüstanlı legioner 1/4 finalda finlandiyalı Martti Puumalaynenə rəqib olub. Bu dəfə Azərbaycan təmsilçisinə qələbə üçün cəmi 43 saniyə kifayət edib.
Kokaurinin yarımnfinalda rəqibi yaponiyalı Kokoro Kaqeura olub. Görüş Kaqeuranın 2 dəqiqə 37 saniyəyə ippon hesabına qələbəsi ilə yekunlaşıb. Gürcüstanlı legioner bürünc medal görüşündə cənubi koreyalı Minjonq Kim ilə üz-üzə gələcək.
100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenə uduzaraq, mübarizəni dayandırıb.
Böyük Dəbilqə
7 mart
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - Erlan Şerov (Qırğızıstan)
1/8 final. Məmmədəli Mehdiyev - Maks Stüart (Böyük Britaniya)
1/4 final. Məmmədəli Mehdiyev - Klen Kristofer Kalyulaid (Finlandiya)
1/2 final. Məmmədəli Mehdiyev - Davlat Bobonov (Özbəkistan)
Bürünc medal görüşü: Məmmədəli Mehdiyev - Şerməhəmməd Jandreyev (Özbəkistan)
100 kq
1/16 final. Aslan Mirzəyev - Otqonbatar Lxaqvasuren (Monqolustan)
+100 kq
1/16 final. Uşanqi Kokauri - Vinçentso D Arko (İtaliya)
1/8 final. Uşangi Kokauri - Anton Krivobokov (Rusiya)
1/4 final. Uşangi Kokauri - Martti Puumalaynen (Finlandiya)
1/2 final. Uşangi Kokauri - Kokoro Kaqeura (Yaponiya)
Bürünc medal görüşü: Uşangi Kokauri - Minjonq Kim (Cənubi Koreya)
Qeyd edək ki, 71 ölkədən 497 (296 kişi, 201 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə bu gün yekun vurulacaq. Hələlik Azərbaycan millisinin üzvlərindən yalnız Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.