Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya birinciliyində altıncı günə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsinin axırıncı günündə Azərbaycan millisinin daha bir üzvü rinqdən qalib ayrılıb.
İlk döyüşündə Domeniko Vingiquerranı (İtaliya) məğlub etmiş Murad Allahverdiyev (81 kq) ikinci duelində Kaan Aykutsundan (Türkiyə) da üstün olub. Allahverdiyev bu dəfə də rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəyə sevinib. O, aprelin 19-da baş tutacaq 1/4 finalda Denis Salaba (Ukrayna) ilə qarşılaşacaq.
Allahverdiyevdən fərqli, Cəlal Qurbanov (60 kq) 1/8 finalda mübarizəni dayandırıb. Reyto Tsutsumi (Yaponiya) ilə döyüşən boksçu məğlubiyyətə üzülüb.
Qeyd edək ki, yığmamızın heyətində daha öncə Nicat Hüseynov (49 kq), Əli Zamanov (52 kq) və Əzrək Bəbirov (56 kq) 1/4 finalda iştirak hüququ qazanıb. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.