"Yunan-Roma güləşi üzrə hazırkı Azərbaycan millisi tarixin ən yaxşı komandası olduğunu iddia edə bilmərəm".
Sportnet.az xəbər verir ki, bunu "Report"a müsahibəsində çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani deyib.
O, hazırkı yığmanı ən güclü hesab etməsə də, komandanın durumunun qənaətbəxş olduğunu bildirib: "2014-cü ildən Azərbaycanda çıxış edirəm. Həmin ildən əvvəl yarışları izləyirdim. Bilirsiniz ki, Azərbaycan güləş ölkəsidir. Yunan-Roma güləşində də kifayət qədər medallar olub. Hazırda komanda yaxşı durumdadır. Heyətdə gənc hesab edilə biləcək güləşçilər çıxış edir. Onlar da medal qazanmağa hazırdırlar. 2024-cü il Paris Yay Olimpiya Oyunlarında həm sərbəst, həm də yunan-Roma güləşində qızıl medal qazanacaq idmançılarımızın sayı kifayət qədərdir".
Nəzərianinin sözlərinə görə, güləşin bu növündə 20 ildən sonra qızıl medal qazanmağa namizədlər var: "Yunan-Roma güləşində 2004-cü ildə Fərid Mansurov olimpiya çempionu olmuşdu. 2024-cü il üçün də namizəd güləşçilər var. 77 kq-da Sənan Süleymanovla Rafiq Hüseynov, 87 kq-da İslam Abbasovu misal göstərə bilərəm. 77 kq-dakı Rafiq Hüseynov da təcrübəli idmançılarımızdandır".
Qeyd edək ki, Oyan Nəzəriani Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasında 130 kq çəki dərəcəsində mübarizə aparıb.