"Bu, dünyada analoqu olmayan rəhbərlik sistemidir, çünki heç bir ölkədə prezident öz xalqı, milləti və idmançıları ilə bu qədər maraqlanmır".
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.
82 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan dünya və üçqat Avropa çempionu bildirib ki, ölkə başçısının qəbulunda olmaq hər bir idmançının arzusudur: "Hamı istəyər ki, cənab Prezident onu mükafatlandırsın. Biz də bu şərəfə nail olmuşuq. Ölkə başçısı şəxsən hər birimizlə maraqlanır və bizim haqqımızda məlumatı var. İdmançılar olaraq çox xoşbəxtik ki, belə Prezidentimiz var və bizə dəyər verir".
Prezident İlham Əliyevin Azərbaycan Güləş Federasiyasına yenidən 1 milyon manat ayırdığını xatırladan titullu güləşçi bunun ölkədə idmanın inkişafına təkan verilməsinin və kifayət qədər işlər görülməsinin sübutu olduğunu söyləyib: "Həm də idman daim diqqət mərkəzindədir. Bu, tərifə və alqışa layiq addımdır. Öz adımdan və komanda yoldaşlarımın adından cənab Prezidəntə bir daha təşəkkür edirəm. Ona minnətdarlığımı bildirirəm. İnanıram ki, bundan sonra da yaxşı nəticələr qazanacağıq və yenidən bu şəkildə mükafatlandırılacağıq. Bu, bizim üçün çox böyük motivasiyadır. Motivasiyalar nə qədər çox olsa, Azərbaycan idmanı bir o qədər inkişaf edəcək. İdman inkişaf etsə, xalqımız və gənclərimiz sağlam olacaq. Bu, birbaşa bizim ölkənin siyasətidir".