
"İdmançılara ev verilməsi ilə federasiya yox, aidiyyəti dövlət orqanları məşğul olur".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rövşən Rüstəmov cüdoçu İrina Kindzerskanın mənzil problemi barədə danışarkən deyib.
O, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançıya maddi köməkliyin göstərildiyini bildirib: "Ona burada yaşaması üçün mənzil şəraiti ilə təminat təklif olundu. Lakin özü imtina etdi".
Rüstəmovun sözlərinə görə, hazırda Ukraynada yaşayan Kindzerskaya hərbi əməliyyatların başlandığı ilk gündən təklif olunub ki, Azərbaycana gəlsin, müxtəlif imtiyazlarla burada məşqlərini davam etdirsin. Lakin təcrübəli cüdoçu Ukraynada qalmaq istədiyini bildirib: "Son görüşümüzdə də Kindzerskaya analoji təklif oldu. Harada qalmasına özü qərar verəcək".
Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.