Azərbaycanın iki yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, bunlar Nihad Quluzadə və Laçın Vəliyevdir.
55 kq çəki dərəcəsində yer alan Quluzadə fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. O, yarımfinalda almaniyalı Georgios Skarpellodan da güclü olub - 5:1. Quluzadə finalda rumıniyalı Denis Mihayla 10:1 hesabı ilə qalib gələrək, qitə çempionu olub.
87 kq çəkidəki Vəliyev isə 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. O, 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Azərbaycanlı pəhləvan yarımfinalda ermənistanlı Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Vəliyev finalda rumıniyalı Patrik Qordanla üz-üzə gəlib. O, 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər pəhləvanlara gəldikdə, 130 kq-da Heybulla Qıstarov mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk görüşündə macarıstanlı Adolf Başo ilə bacarmayıb - 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcüstanlı Mate Qokadze ilə münasibətləri aydınlaşdırıb və bu qarşılaşmadan da məğlub ayrılıb - 0:9.
63 kq-da Ziya Babaşov ilk mərhələdə ukraynalı Oleq Xalilova 2:4, 77 kq-da Xasay Həsənli isə türkiyəli Yüksel Sarıçiçeyə 1:3 hesabı ilə məğlub olub.