Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Məmmədov yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib.
Murad Məmmədov (63 kiloqram) isə rusiyalı Ənvər Allahyarovu (AİN) (3:3) xalların keyfiyyətinə görə üstələyib.
Azərbaycanın digər təmsilçisi İslam Abbasov (87 kiloqram) Serbiya güləşçisi Aleksandr Komarova uduzduğu (1:3) üçün bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Yarımfinalda türkiyəli Rza Kayaalpa məğlub olan Beka Kandelaki (130 kiloqram) də üçüncü yer uğrunda mübarizə aparacaq.
1/4 finalda xorvatiyalı Antonio Kamenyaseviçə yenilən Sənan Süleymanov (77 kiloqram) rəqibi finala yüksələ bilmədiyi üçün turniri medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
------------------------------------
Azərbaycanın 4 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, Rəşad Məmmədov (55 kiloqram), Murad Məmmədov (63 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
İdmançılar yarımfinalda, müvafiq olaraq, Nuqzari Tsurtsumia (Gürcüstan), Ənvər Allahyarov (AİN), Aleksandr Komarov (Serbiya) və Rza Kayaalp (Türkiyə) ilə qarşılaşacaqlar.
Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov 1/4 finalda xorvotiyalı Antonio Kamenyaseviçə məğlub olub. Rəqib finala yüksəlsə, güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcək.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.