
Güləş üzrə Azərbaycan milli komandaları Bakıda təlim-məşq toplanışı keçir.
Sportnet.az xəbər verir ki, yunan-Roma və qadın güləşi üzrə yığmaların toplanışı Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Yunan-Roma güləşçiləri aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Milli komanda mayın 7-dək federasiyanın təlim-məşq bazasında hazırlıq keçəcək.
Qadın güləşçilər məsul yarış ərəfəsində son toplanışa aprelin 28-də start verib. Xalça üzərində keçirilən məşqlər mayın 8-də yekunlaşacaq.
Olimpiadada tam heyətlə iştirak hüququ qazanan sərbəst güləş millisinin hazırlıq planı isə fərqlidir. U-23 Avropa çempionatına və Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılması ilə bağlı çalışmalara üstünlük verilir. Aprelin 28-də başlayan toplanış çərçivəsində həftədə 2 dəfə taktiki-texniki məşqlər də keçirilir.
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də Türkiyənin İstanbul şəhərində təşkil ediləcək.