2026-cı il futbol üzrə dünya çempionatının I qrupunda keçiriləcək Fransa – İraq matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salına və ya dayandırıla bilər.
Sportnet.az "RMC Sport"a istinadən xəbər verir ki, qarşılaşmanın baş tutacağı ABŞ-nin Filadelfiya şəhərində güclü yağış və ildırım müşayiət olunan qasırğalı hava proqnozlaşdırılır.
Bu səbəbdən, matçın keçirilməsi risk altına düşüb.
Qeyd edək ki, Fransa və İraq yığmaları arasında II turun oyunu iyunun 23-də Filadelfiyadakı Lincoln Financial Field stadionunda keçiriləcək. Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Komandalar turnirə fərqli nəticələrlə start veriblər. Fransa millisi ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edib, İraq isə Norveçə 1:4 hesabı ilə uduzub. Hazırda fransızlar 3 xalla qrupda üstün mövqedədirlər, iraqlılar isə pley-off şanslarını qorumaq üçün mütləq xal qazanmağa çalışacaqlar.
Qrupun son turunda Fransa Norveçlə, İraq isə Seneqalla qarşılaşacaq.









































































