Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir başa çatıb.
Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edib.
Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edən güləşçilərimiz ikinci yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıb.
Qızıl medalı yığmamıza bütün rəqiblərindən üstün olan Nihat Məmmədli (46 kq) qazandırıb. Finalda komanda yoldaşına uduzan Həsrət Cəfərov isə gümüş medalla kifayətlənib.
Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib.
Qeyd edək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqovinada, Dünya çempionatı isə 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.