Azərbaycanın güləş üzrə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqları davam etdirir.
Sportnet.az xəbər verir ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir.
Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək.
Avqustun 7-dən Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək.
Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-dək davam edəcək.
Qeyd edək ki, dünya çempionatı 21-26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində başa tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaq.