“Həm "Qarabağ"la matçı, həm də bugünkü oyunu fərdi səhvlərə görə uduzmuşuq. Bunun çarəsini tapmalıyıq".
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XIX turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
43 yaşlı mütəxəssis məğlubiyyəti belə şərh edib: "Üzücü məğlubiyyət oldu. Belə oynayıb məğlub olanda adam ikiqat üzülür. Birinci hissənin son saniyəsində diqqətsizlikdən qol buraxdıq. Belə qol rəqibə psixoloji üstünlük verir. "Zirə"yə qarşı qol imkanlarını qaçırmaq üzücüdür. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadır. İkinci qolu da elə vurdular. Belajdi Pusinin 100 faizlik epizodu var idi. Bu epizodlara girmək özü bir işdir. Futbolçuların əziyyətinə görə üzülürəm. Oyun bizə siqnal verir ki, daha yaxşı olacağıq".
Abbasov Premyer Liqada növbəti mövsümdən komanda sayının artırılıb legioner limitinin ləğv edilməsinə isə belə münasibət bildirib: “Ən çox transfer etməyimizin səbəbi odur ki, ən çox bizdən oyunçular gedib. Həmişə komanda sayının daha çox olmasının tərəfdarıyam. Çünki 4 dövrə oynamaq çətindir. Komanda sayı artsa, yerli futbolçular da oynayacaq, gənc oyunçular üzə çıxacaq. Bütün komandalar legioner gətirməyəcək, hamı avrokuboklar üçün oynamayacaq. Şərait baxımından da inkişaf etməliyik. Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir”.
Həşim MƏMMƏDOV