"Neftçi"nin qalmaqallı futbolçususu Yuri Matias qeyri-adi davranışı ilə yenidən diqqət mərkəzinə düşüb.
Sportnet.az xəbər verir ki, braziliyalı müdafiəçi səfərdə "Araz Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçında "artistlik" edib. O, 70-ci dəqiqədə rəqibin hücumu zamanı topu almağı bacarmayıb. Bu zaman Matias yerdən ayağa qalxmayaraq, özünü zədələnmiş kimi göstərməyə çalışıb. Nəticədə "Araz Naxçıvan" təhlükəli hücumunu dayandırmalı olub.
Top meydandan çıxdıqdan sonra Matias meydana daxil olan həkimlərə əli ilə "hər şey qaydasındadır" işarəsini verib və özü ayağa qalxıb. O, baş hakim Rauf Cabbarova ayağından zərbə aldığını göstərməyi də unutmayıb.
Qeyd edək ki, Yuri Matias "Neftçi"də olduğu müddətdə oyunundan çox kobud səhvləri və qalmaqallı açıqlamaları ilə narazılıqlar yaradıb.