
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov mövsümün sonuna qədər Türkiyənin “Ankaragücü” klubunda heç bir rəsmi matça çıxmayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Teleqraf-a Türkiyə I Liqa təmsilçisinin baş meneceri Bekir Aracı məlumat verib.
Klub rəsmisi başqa kluba transferinin alınmaması səbəbindən Dadaşovun mayın sonuna qədər "Ankaragücü”nün heyətində oyunlara çıxa bilməyəcəyini qeyd edib: “Renatın klubumuzda qalması qərara alındı. Amma əsas heyətdə olmayacaq. Qaydalara görə, ən çox 8 legioner A komanda siyahıya sala bilərik ki, bu siyahıda Renatın adı olmayacaq. Amma klubla birgə məşqlərə çıxır. Rəhbərliyin qərarı bu yöndədir. “A” komandada qalacaq, amma matçlarda siyahıda yer almayacaq. Təbii ki, futbolçunun özünə bu mövsüm oynamayacağı bildirildi. Çempionat bitənə qədər bu, belə davam edəcək, çünki siyahını dəyişdirə bilmirik. Bazar ertəsi siyahı artıq Türkiyə Futbol Federasiyasına göndərildi”.
Baş menecer 26 yaşlı hücumçunun transfer pəncərəsi açıq olan ölkələrə keçidinin mümkünlüyünü də bildirib: “Futbolçumuza yenidən təkliflər olarsa danışıqlar apara bilərik. Duruma görə ortaq məxrəc tapıb yoluna qoymaq olar. Bu, transfer pəncərəsi açıq ölkələrə aiddir. Azərbaycandan da danışıqlar aparıldı, ama pəncərə açıq olan müddətdə müsbət nəticələnmədi. Eləcə də Türkiyədə indi olmaz. Azad agent statusu alması üçün Renat və klub rəhbərliyinin qarşılıqlı danışması lazımdır. Transfer pəncərəsi bağlandığı üçün bizim üstümüzdə qalacaq, amma heyətdənkənar oyunçu olaraq davam edəcək”.
Qeyd edək ki, “Ankaragücü”nün ən bahalı legioneri olan Renat Dadaşovla “Neftçi” və “Qarabağ”ın yaxından maraqlandığı deyilirdi. Onun Türkiyə klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.