
"Son zamanlar müəyyən mətbuat orqanlarında və sosial mediada "İmişli" klubu haqqında bir neçə həqiqəti əks etdirməyən, silsilə məlumatlar paylaşılmış və çap etdirilib. Ən son olaraq isə "Mingəçevir" ilə keçirilmiş oyundan sonra müəyyən KİV-lərdə "İmişli"nin Premyer Liqada oynamaqdan imtina etməsi ilə bağlı yalan, heç bir əsası olmayan və təəssüfedici məlumatlar dərc edilib".
Sportnet.az-ın məlumatına görə, bu fikirlər "İmişli" klubunun yaydığı bəyanatda əksini tapıb.
Klub zəmanət verib ki, rəhbərlik, məşqçilər korpusu, futbolçu heyəti və bütün işçi qrupu olaraq, məhz bu mövsüm Premyer Liqasına yüksəlmək üçün əlindən gələni edəcək və sona qədər mübarizə aparacaq: "İmişli" hər bir oyuna yalnız qələbə qazanmaq üçün çıxır və sizləri əmin edə bilərik ki, bu daim yalnız və yalnız belə olacaq. Onu da nəzərinizə çatdırmaq istərdik ki, keçən futbol mövsümü Premyer Liqa lisenziyasını təmin etmiş və bu mövsüm I liqada çıxış edən yalnız iki klubdan biriyik. Bu mövsüm də lisenziya alınması istiqamətində ciddi işlər gedir və lisenziyanı əldə edəcəyimizə əminik".
Bununla yanaşı, bəyanatda bildirilir ki, son turdakı oyunda baş verənlərlə bağlı peşəkar araşdırmanın aparılması ilə bağlı AFFA baş katibliyinə, Hakimlər Komitəsinə və PFL-ə rəsmi müraciətlər edilib. Bu məsələ klub rəhbərliyinin tam diqqətindədir: "İmişli" hər zaman ictimaiyyətə kifayət qədər açıq olub və bundan sonra da belə olacaq. Buna heç kəsin şübhəsi olmasın. Uzun fasilədən sonra böyük futbolu İmişliyə qaytaracağımıza bizi dəstəkləyənlərin və azarkeşlərimizin heç şübhəsi olmasın. Aran zonasını 2025/2026 mövsümündən Premyer Liqada ən yüksək səviyyədə təmsil edə bilməyimiz yalnız siz ictimaiyyətin və dəyərli azarkeşlərimizin sona qədər dəstəyi ilə mümkün olacaq. Sizləri yalnız rəsmi bəyanatlara inanmağa çağırırıq. Biz birlikdə güclüyük"!