
“Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov səfərdə Yunanıstana 2:3 hesabı ilə uduzduqları Avropa çempionatının əsas mərhələsinin IV tur oyunundan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Matçın başa çatmasına 4 saniyə qalmış məğlub olan komandanın rəhbəri rəqibə nəzərən xeyli qol imkanını qaçırdıqlarını bildirib: "Statistikaya baxıram, rəqib qapımıza 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.
Qeyd edək ki, Azərbaycan millisi 4 oyundan sonra V qrupda 2 xalla 3-cü yerdə gedir. Yunanıstan 7 xalla 2-ci pillədə qərarlaşıb. Növbəti görüşlər aprelin 11-də İsveçə qarşı səfərdə və aprelin 15-də Xorvatiyaya qarşı evdə olacaq. Hazırda Xorvatiya 12 xalla qrup lideri, İsveç isə 1 xalla qrup sonuncusudur.