
Futbol üzrə Azərbaycan millisinin martın 25-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcəyi "Bank Respublika Arena"da isti su problemi yaşanıb.
Sportnet.az xəbər verir ki, bu, arenadan ev sahibi kimi yararlanan "Sabah" komandasının "Zirə" ilə 1:1 hesablı heç-heçə etdiyi Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra baş verib.
Paltardəyişmə otağına girən futbolçular isti suyun gəlmədiyini müəyyənləşdiriblər. Nəticədə onlar arenanı duş almadan tərk ediblər.
"Sabah"ın mətbuat katibi Elnur Həmidov Teleqraf-a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, problemin qısa müddətdə aradan qaldırıldığını bildirib: "Oyundan sonra stadionda isti suyun verilməsində texniki səbəblərdən qısamüddətli fasilə yaşanmışdı. Lakin problem bir neçə dəqiqəyə həll edildi və stadionda isti suyun verilməsi bərpa edildi".
Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə üz-üzə gələcək.
Maraqlıdır ki, bu arena da 2024-cü ilin sentyabrında eyni halla qarşılaşıb. Həmin vaxt problemin stadionunun kommunal borcunun vaxtında ödənməməsinə görə baş verdiyi bildirilib. İsti suyun verilməsi oktyabrın əvvvəllərində bərpa olunub.
Qeyd edək ki, hər iki yoldaşlıq görüşü saat 21:45-də başlanacaq.